Azərbaycan Tibb Universitetində (ATU) beyin ölümü və orqan donorluğu mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (ODTKM) əməkdaşları, tibb işçiləri və universitetin Hərbi Tibb və Tibb fakültələrinin tələbələri iştirak ediblər.
Tədbiri ATU-nun Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov açaraq mövzunun tibbin ən vacib və aktual sahələrindən biri olduğunu bildirib. O, çıxışında tələbələrin bu cür görüşlərə cəlb olunmasının tibb mütəxəssisləri kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Səhiyyə Nazirliyi ODTKM sədri Yeganə Abbasova çıxış edərək Azərbaycan səhiyyəsinin bu sahədə əldə etdiyi nailiyyətlərdən və görülən işlərin əhəmiyyətindən danışıb. Yeganə Abbasova bildirib ki, səhiyyənin inkişafına dövlət rəhbərliyi tərəfindən böyük diqqət yetirilir. Transplantasiyanın ölkə səhiyyəsinin inkişaf səviyyəsini göstərən ən önəmli göstəricilərdən biri olduğunu vurğulayan Y. Abbasova qeyd edib ki, Azərbaycanda bu əməliyyatları ən yüksək standartlara uyğun icra etmək üçün bütün imkanlar mövcuddur.
Mərkəz sədri meyit donordan transplantasiyanın yalnız tibbi potensialı deyil, həm də cəmiyyətin maariflilik və humanizm dəyərlərini əks etdirdiyini bildirib.
“Meyit donordan transplantasiya həmin ölkənin əhalisinin yüksək intellekt səviyyəsinə malik olduğunu göstərir. Bu o deməkdir ki, cəmiyyət anlayır, kömək etməyə hazırdır. Kömək etmək istəyi isə ən böyük insanpərvərlik nümunəsidir.”
O, 2022-ci ildə Səhiyyə Nazirliyinin tərkibində Orqan Donorluğu və Transplantasiyası Koordinasiya Mərkəzinin yaradılmasının mühüm dönüş nöqtəsi olduğunu qeyd edib.
Çıxışı zamanı Yeganə Abbasova transplantasiya proseslərinin idarə olunmasında mühüm rol oynayan vahid informasiya sistemi haqqında da məlumat verib. O bildirib ki, bu sistem donorların, xəstələrin, tibb müəssisələrinin məlumatlarını bir mərkəzdə toplayaraq proseslərin daha dəqiq, şəffaf və operativ şəkildə aparılmasına xidmət edir.